Azərbaycan Xarici İşlər Nazirliyi Niderland Parlamentində bir sıra üzvlər tərəfindən Ermənistanı dəstəkləyən yeni absurd qətnamə layihəsini Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası kimi qiymətəndirir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin bəyanatında qeyd olunur.
“30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına, mülki əhaliyə qarşı qəddarcasına törədilmiş qırğınlara, talan və vandallıqlara göz yuman Niderlandın qanunvericilik orqanında belə bir təklifin irəli sürülməsi ölkəmizə qarşı növbəti qarayaxma kampaniyasının bir nümunəsidir”, - Hacızadə qeyd edib.
O, həmçinin Niderland tərəfinə xatırladıb ki, 2020-ci il müharibəsindən sonra Ermənistanın üçtərəfli bəyanatlar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmadığını, Azərbaycanın ərazilərinin minalanmasını davam etdirdiyini, sərhədboyu bölgələrdə hərbiləşməni artırdığını, nəqliyyat kommunikasiyalarının açılmasına maneçilik törətdiyini və sülh prosesinə qarşı destruktiv addımlar atır.
“İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən yenidənqurma işləri aparılan və külli miqdarda sərmayələr qoyulan bir zamanda, hərbi gərginlik zonasına yaxın əraziyə - Zəngilan rayonunun Ağalı kəndinə bir qrup məcburi köçkün ailəsinin geri qayıtması şəraitində regionda hərbi gərginliyin Azərbaycan tərəfinin marağında olmadığı hər kəsə məlumdur”, - Hacızadə vurğulayıb.
Azərbaycanın guya Ermənistanın cənubunu işğal etməsi niyyəti barədə qətnamədə qeyd edilən cəfəng fikirləri şərh edən Hacızadə qeyd edib ki, məhz Azərbaycan tərəfi qarşılılıq prinsipinə əsaslanmaqla, Ermənistanla münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də suverenlik və ərazi bütövlüyü çərçivəsində normallaşması təşəbbüsünü irəlilətməkdədir.
“Niderland tərəfinin sülh prosesinə mane olmaqla Ermənistanda revanşist qüvvələri dəstəkləmək əvəzinə, bölgədə yaranmış yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsini dəstəkləyərək bölgə ölkələrinin sülh, sabitlik və tərəqqi şəraitində inkişafına töhfə verməsi faydalı olardı.
Qeyd edilən qətnamə layihəsini qətiyyətlə rədd edir, Niderland tərəfini birtərəfli mövqeyindən əl çəkməyə və qərarlarında beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etməyə çağırırıq”, - Hacızadə bildirib. **
X.Nəsirzadə