Bakı, Astana və Ankara tərəfindən Türkiyə, Azərbaycan və Qazaxıstan ərazisindən keçən Orta Dəhliz Marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi” imzalanıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verir.
Yol Xəritəsi cümə günü Aktau şəhərində keçirilən Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin üçtərəfli görüş çərçivəsində imzalanıb.
Görüşdə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qeyd edilən formatın yüksək səviyyədə qardaşlıq və tərəfdaşlıq münasibətlərinə malik bu ölkələr arasında tərəfdaşlığın daha da genişləndirilməsi üçün vacib platformalardan olduğunu vurğulayıb.
O, həmçinin Orta Dəhlizin tərkib hissəsi kimi Zəngəzur dəhlizinin əhəmiyyəti və perspektivlərinin böyük olduğu vurğulayıb.
“Bu dəhliz Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi çərçivəsində nəqliyyat imkanlarını daha da artırmaq potensialına malikdir. Zəngəzur dəhlizi daxil olmaqla, regionda bütün kommunikasiyaların açılmasının beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcək”, - Bayramov bildirib. **
X.Nəsirzadə