Prezident İlham Əliyev Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində), Albaniya Respublikasında (Tirana şəhərində) və Keniya Respublikasında (Nayrobi şəhərində) səfirliklərinin, Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin və BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında qanunlar imzalayıb.
Bundan başqa, dövlət başçısı qeyd olunan diplomatik nümayəndəliklərin fəaliyyətinin təmin edilməsi haqqında sərəncamlar imzalayıb.
Sənədlər noyabrın 26-da Azərbaycan Prezidentinin saytında dərc olunub.
Sərəncamlara əsasən, Nazirlər Kabinetinə diplomatik nümayəndəliklərin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək, Xarici İşlər Nazirliyinə onların strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb.
Milli Məclis noyabrın 18-də keçirilən plenar iclasda Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik, Fələstində Təmsilçilik Ofisi və BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəlik təsis etməsinə razılıq verib.*
R.Kərimov