Serbiya 2023-cü ilin əvvəlindən Azərbaycandan elektrik enerjisi almağı planlaşdırır. Bunu Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç “Veçernie novosti” qəzetinə müsahibəsində deyib.
“Bütün ilkin şərtlər yerinə yetirilərsə, Serbiya yanvar ayından Azərbaycandan elektrik enerjisi idxalına başlamalıdır”, - deyə o bildirib.
Nazir əlavə edib ki, Azərbaycandan elektrik enerjisinin Türkiyə və Bolqarıstan vasitəsilə ötürülməsi ilə bağlı qalan məsələlərə dair danışıqlar aparılır.
“İnterfaks-Azərbaycan” agentliyinin daha əvvəl verdiyi xəbərə görə, avqustun 21-də Azərbaycan və Serbiya prezidentləri İlham Əliyev və Aleksandr Vuçiç arasında baş tutmuş telefon danışığının yekunları üzrə Serbiya dövlət başçısının dəftərxanası ölkənin Azərbaycandan sərfəli şərtlərlə elektrik enerjisi ala biləcəyini bəyan edib.
Serbiya Prezidenti Aleksandr Vuçiç Türkiyə tərəfinə müraciət edərək Azərbaycandan təxminən 2 Qvt/saat elektrik enerjisinin idxalı məsələsində kömək istədiyini bildirib.
Öz növbəsində, həmin dövrdə Serbiyanın mədən və energetika naziri olmuş Zorana Mixayloviçin “Reuters”ə verdiyi məlumata görə, Belqrad Azərbaycanla 2,6 Qvt/saat elektrik enerjisinin tədarükü ilə bağlı razılığa gəlib.
Azərbaycan 2021-ci ildə 1,6 Qvt/saatdan çox elektrik enerjisi ixrac edib. Prezident İlham Əliyev bəyan edib ki, ölkə, ilk növbədə, Avropaya elektrik enerjisinin ixracını artırmağı planlaşdırır.*
R.Kərimov