Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar münasibətlərin normallaşdırılması üçün Azərbaycan və Ermənistanın güclü siyasi iradəsinin zəruriliyini qeyd edir.
"Ötən həftənin sonunda Azərbaycana səfərin yekunlarına dair bir neçə düşüncə. Azərbaycan prezidenti İlham Əliyevin Aİ-nin dəstəklədiyi formata sadiqliyi vacibdir. Həll olunmayan məsələlər qalmaqdadır, Azərbaycan və Ermənistan gərginliyi azaltmaq və hərtərəfli həllə nail olmaq üçün təmkinli olmalı və güclü siyasi iradə nümayiş etdirməlidir", - Klaar Twitter hesabında yazıb.
Xəbər verildiyi kimi, noyabrın 25-də Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. “Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi ilə bağlı danışıqlar prosesi, sərhədlərin delimitasiyası üzrə Brüsseldə keçirilmiş görüşün (noyabrın 3-də - İF) nəticələri barədə fikir mübadiləsi aparıldı”, - Azərbaycan prezidentinin saytında məlumat verilib. **
R.Əhmədov