2023-cü ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) blokundan neft hasilatı129,6 milyon barel təşkil edəcək. Bu barədə Hesablama Palatasının ARDNF-nin 2023-cü il üçün büdcə layihəsi üzrə rəyində qeyd edilir.
“Proqnozlara əsasən, 2023-cü ildə AÇG blokunda neft hasilatı 129,6 milyon barel təşkil edəcək, bu da 2022-ci ilin yekunları üzrə gözlənilən göstəricidən 23,5 milyon barel azdır (153,1 milyon barel)”, - “İnterfaks-Azərbaycan”ın əldə etdiyi rəydə deyilir.
Xəbır verildiyi kimi, 2022-ci ilin yanvar-sentyabr aylarında AÇG blokundan 114 milyon barelə yaxın neft (15 milyon ton) hasil edilib. Yanvar-sentyabr aylarında bu müqavilə sahəsindən neft hasilatı 9,5% azalıb.
2021-ci ildə AÇG blokundan neft hasilatı 167 milyon barel təşkil edib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2017-2049-cu illərdə sərmayə qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.**
A.Əzizov