Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker arasında görüş keçirilib, tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallşamsı prosesini müzakirə edilblər.
XİN-in məlumatında qeyd olunur ki, görüş zamanı, Azərbaycan-Ermənistan normallaşma prosesi, Vaşinqton görüşü də daxil sülh müqaviləsinin elementləri üzrə aparılan ikitərəfli danışıqlar və bundan irəli gələn məsələlər, kommunikasiyaların açılması və delimitasiya prosesi üzrə cari vəziyyət müzakirə olunub.
“Bayramov üçtərəfli bəyanat çərçivəsində Ermənistanın hələ də öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını qeyd edib. O, qeyd edilən destruktiv addımların qarşısının alınmasının vacib olduğunu vurğulayıb”, - məlumatda deyilir.
Nazir eyni zamanda, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələsi üzrə ölkəmizin baxışları barədə qarşı tərəfə məlumat verib.
Öz növbəsində, Riker ABŞ tərəfinin normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib. O, sülh müqaviləsinin elementləri üzrə aparılan danışıqların əhəmiyyət daşıdığını, bölgədə sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
“Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd olunur. **
R.Əhmədov