31 oktyabr 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 44 milyard 660,7 milyon manat məbləğində qiymətləndirilir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2021-ci il tarixinə bankların aktivləri 38 milyard 462,2 milyon manat məbləğində olub. Beləliklə, yanvar-oktyabr aylarında bankların aktivləri 16,1% artıb.
Oktyabrda bankların aktivləri 2,3% və ya 1 milyard 27,3 milyon manat artıb.
Oktyabrın sonuna bankların kredit portfeli 19 milyard 470,8 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 16,9% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 5 milyard 430 milyon manat (artım 9,3%) təşkil edir.
Bankların öhdəlikləri 39 milyard 230,7 milyon manata (artım 17,1%) bərabərdir. Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 268,6 milyon manat məbləğində (azalma 15,8%) qiymətləndirilir. Banklarda depozit portfeli 32 milyard 192,1 milyon manat (artım 19,5%), o cümlədən əhalinin əmanətləri 11 milyard 256,6 milyon manat (artım 24,6%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2022-ci ilin yanvar-oktyabr aylarında bankların ümumi xalis mənfəəti 769,9 milyon manat təşkil edib (2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə artım 35%).
Hesabat dövründə bankların faiz gəlirləri 2 milyard 211,5 milyon manat (artım 27,7%), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 795,6 milyon manat (artım 28,8%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 971,2 milyon manat məbləğində (artım 38,3%) olub.
Bu dövrdə bankların faiz xərcləri 528,7 milyon manat (artım 18%), o cümlədən depozitlər üzrə 367,6 milyon manat (artım 24%), qeyri-faiz xərcləri 1 milyard 495,7 milyon manat (artım 31%) təşkil edib.
Yanvar-oktyabr aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 1 milyard 116,7 milyon manat (artım 37,8%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 947,9 milyon manat (artım 39,4%), mənfəət vergisi üzrə ödənişlər 178 milyon manat (artım 62,1%) məbləğində qiymətləndirilir.
31 oktyabr 2022-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
Bankların 483 filialı (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,1%) və 94 şöbəsi (2021-ci ilin sonuna 97) var.
Bank sektorunda 22,302 min nəfər (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 12,4%) çalışır.*
A.Əzizov