Azərbaycanda startapların maliyyələşdirilməsi üçün vençur kapital fondu yaradılıb. Fonda 11,3 milyon manat (cari məzənnə ilə $6,65 milyon) investisiya yatırılıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir ki, “Caucasus Ventures” fondu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “PAŞA Holdinq” MMC tərəfindən yaradılıb.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev qeyd edib ki, fondun yaradılmasına 11,3 milyon manat yatırılıb (5 milyon manat nazirlik, 5 milyon manat “PAŞA Holdinq” tərəfindən, 1,3 milyon manat özəl investisiyalardır – İF).
Fondun rəhbəri Məmməd Kərim bildirib ki, fond həm yerli, həm də regional startapları maliyyələşdirəcək. Onun sözlərinə görə, fond 5-7 il ərzində 50 startapı maliyyələşdirməyi planlaşdırır.
Fond Cənubi Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiyadakı startapları maliyyələşdirməkdə maraqlıdır.*
X.Nəsirzadə