2024-2026-cı illərdə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə orta illik neft hasilatı təxminən 123 milyon barel həcmində proqnozlaşdırılır.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu proqnoz Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2023-cü il büdcəsinin layihəsinə Hesablama Palatasının verdiyi rəydə öz əksini tapıb.
İlkin proqnozlara əsasən, 2024-cü ildə AÇG üzrə hasilat 125 milyon barel, 2025-ci ildə 121 milyon barel, 2026-cı ildə 122 milyon barel təşkil edəcək.
2021-ci ildə AÇG üzrə hasilat 167 milyon barel həcmində olub, 2022-ci ildə 153,1 milyon barel, 2023-cü ildə 129,6 milyon barel həcmində gözlənilir.
Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-sentyabr aylarında AÇG blokundan təxminən 114 milyon barel neft (15 milyon ton) hasil olunub ki, bu da 2021-ci ilin 9 ayının göstəricisindən 9,5% azdır.
2021-ci ildə AÇG-dən 167 milyon barel neft hasil olunub.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2017-2049-cu illərdə sərmayə qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.*
A.Əzizov