2023-cü ilin yazında Bakıda “Mövenpick” brendi ilə ilk premium otelin açılması planlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Accor” otellər qrupundan məlumat verilib.
Layihə “Capital Invest LLC.” şirkəti ilə əməkdaşlıq sazişi imzalanmaqla “Accor” tərəfindən həyata keçiriləcək.
Saziş Bakının mərkəzində yerləşən “Winter Park Hotel Baku”nun yenilənməsi və rebrendinqini nəzərdə tutur. “Mövenpick Winter Park Baku” oteli qonaqlara yüksək xidmət standartları, sağlamlıq, qastronomiya və ailəvi əyləncə, həmçinin ALL - Accor Live Limitless loyallıq proqramı vasitəsilə əlavə üstünlüklər təklif edəcək.
Yeni premium-klass mehmanxanada standartdan suitlərə qədər müxtəlif kateqoriyalı 212 otaqda yerləşmə təklif olunacaq. Qonaqlara spa, fitness mərkəzi və iki restoran təqdim olunacaq. Həmçinin otelin infrastrukturuna konfrans otaqları və tədbirlər üçün yerlər daxildir.
“Biz Azərbaycanda yeni layihənin imzalandığını elan edirik. O, artıq “Accor” tərəfindən təqdim olunan brendlərə əla əlavə olacaq və şübhəsiz ki, son bir ildə Bakıda sayı xeyli artmış turistlərin və işgüzar səyahətçilərin sevgisini qazanacaq. Biz əldə etdiyimiz nailiyyətlərlə kifayətlənməyi planlaşdırmırıq və Cənubi Qafqazda portfelimizi inkişaf etdirməyə davam edəcəyik”, - deyə “Accor New East Europe”un baş direktoru Aleksis Delaroff qeyd edib.
“Accor” – 110 ölkədə 5300 oteli və 10000 restoran və barı birləşdirən aparıcı otellər qrupudur.
Daha əvvəl A.Delaroff “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib ki, “Accor” qrupu yaxın illərdə Azərbaycanda yeni otel brendlərinin açılması istiqamətində bir sıra yeni layihələr həyata keçirməyi planlaşdırır. “Hazırda Azərbaycandakı portfoliomuza iki otel daxildir: məşhur “Alov qüllələri” kompleksində yerləşən möhtəşəm “Fairmont Baku” və 2021-ci ilin yayında açılmış ekonom sinifli “ibis Baku City” oteli. Yaxın vaxtlarda biz Azərbaycanda digər otel brendlərini də təmsil etməyi planlaşdırırıq, belə ki, bu bazar bu regionda qrupun inkişafı üçün əsas bazarlardan biridir.
2023-cü ildə “Accor” “Mogan Hotel Baku” otelinin rebrendinqi nəticəsində “Mercure” brendi ilə ilk oteli açmağı planlaşdırır.*
R.Əhmədov