Nyu-Dehlidə Azərbaycan və Hindistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin beşinci raundu baş tutub. Hindistan XİN-dən bildirilib ki, məsləhətləşmələrdə ikitərəfli münasibətlərin vəziyyəti və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.
“Tərəflər Hindistan-Azərbaycan ikitərəfli münasibətlərini, o cümlədən siyasi, ticarət-iqtisadi, konsulluq, mədəniyyət və təhsil məsələlərini nəzərdən keçiriblər. Həmçinin regional məsələlər, BMT və digər çoxtərəfli təşkilatlar çərçivəsində əməkdaşlıq haqqında da fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Hindistan nümayəndə heyətinə Hindistan Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sancay Verma başçılıq edib.
Nazirlikdən qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ikitərəfli ticarət dövriyyəsi təxminən $1 milyard təşkil edib.
“Hazırda Azərbaycan Hindistan üçün mühüm xam neft tədarükçüsünə çevrilir. “ONGC Videsh Limited” şirkəti Azərbaycanın karbohidrogen sektorunda əhəmiyyətli maraqlara malikdir”, - deyə məlumatda bildirilir.
Azərbaycan və Hindistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin dördüncü raundu 2016-cı il iyulun 28-də Bakıda keçirilib.*
R.Kərimov