Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2022-ci il oktyabrın 31-nə 1 milyard 844,9 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 73,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2022-ci ilin oktyabr ayında bankların xarici öhdəlikləri 37,3 milyon manat və ya 2,1% artıb.
AMB-nin məlumatına görə, oktyabrın sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 6 milyard 654,2 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 14,6% çoxdur.
Oktyabrda bankların xalis xarici aktivləri 375,2 milyon manat və ya 5,3% azalıb.
2021-ci ildə Azərbaycan banklarının xarici öhdəlikləri 12,9% azalıb.
Azərbaycan banklarının xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kredit və depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.
Oktyabrın sonuna Azərbaycanda 26 bank fəaliyyət üçün lisenziyaya malik olub.*
A.Əzizov