“Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Bu barədə Energetika Nazirliyindən bildirilib.
Memorandum energetika naziri Pərviz Şahbazovun Əlcəzair Xalq Demokratik Respublikasına səfəri çərçivəsində bu ölkənin energetika və mədən naziri Mohamed Arkab ilə görüşü zamanı imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, sənəd quruda və dənizdə karbohidrogenlərin tədqiqi və istehsalı, karbohidrogen layihələrinin, neft-kimya sənayesinin inkişafı, enerji məhsullarının marketinqi, nəqliyyatı və paylanılması üzrə əməkdaşlığı nəzərdə tutur. Sənəd, həmçinin “Azeri Light” və digər xam neft növlərinin tədarükü, “yaşıl enerji” (hidrogen) istehsalı layihələrinin tətbiqi və hidrogenin daşınması ilə bağlı araşdırmaların aparılması, neft-qaz sektoru üzrə tənzimləyici, idarəetmə müəssisələrinin təşkili və yaradılması, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi istiqamətlərində fəaliyyəti əhatə edir. Memorandumdan irəli gələn məsələlərin icrası üçün Birgə İşçi Qrupunun yaradılması planlaşdırılır.
Görüşdə neft-qaz, neft-kimya və bərpa olunan enerji sahələrində, həmçinin “Sonatrach” və “Sonelgaz” şirkətləri ilə əməkdaşlıq müzakirə edilib.*
B.Rüstəmbəyov