Azərbaycan-Ermənistan sərhədində və ya Azərbaycanın Qarabağ bölgəsində eskalasiya riski var. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, ABŞ-ın özəl kəşfiyyat-analitik şirkəti “Stratfor”da belə hesab edirlər.
Şirkətin qiymətləndirmələrinə görə, Azərbaycan və Ermənistan arasında danışıqlar dalana dirəndikdən sonra vəziyyət gərginləşə bilər və bu, danışıqlar prosesinə mənfi təsir göstərəcək.
“Yeni eskalasiya dalğası bu ilin sonuna qədər sülh danışıqlarında irəliləyişin olması ehtimalını azaldacaq”, - deyə şirkətdən qeyd ediblər.
Azərbaycan Müdafiə Nazirliyi noyabr ayı ərzində hər gün öz mövqelərinin sərhəddə Ermənistan silahlı qüvvələri tərəfindən, habelə Qarabağda, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı qanunsuz erməni silahlı birləşmələri tərəfindən atəşə tutulduğu barədə məlumatlar yayıb.
“Stratfor” - ABŞ-ın özəl kəşfiyyat-analitik şirkətidir, bəzən “Mərkəzi Kəfiyyat İdarəsinin kölgəsi” adlandırılır. Şirkət dünyada baş verən hadisələr haqqında məlumat toplayır və təhlil edir.*
R.Kərimov