“AccessBank” QSC $5 milyon məbləğində istiqraz yerləşdirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
Emissiya hər birinin nominal dəyəri $1 min olan 5 min ədəd istiqraza bölünüb.
Hərrac zamanı 6 investor tərəfindən 6 sifariş təqdim edilib. Hərraca çıxarılmış istiqrazların bütün həcmi yerləşdirilib.
İstiqrazların tədavül müddəti 18 ay, illik faiz dərəcəsi 5,5%-dir (kupon faizləri hər 3 təqvim ayından bir ödəniləcək). İstiqrazların ödəmə tarixi 29.05.2024-cü ildir.
“AccessBank” istiqrazların yerləşdirilməsindən cəlb edilən vəsaiti kənd təsərrüfatı sektorunun kreditləşdirilməsinə yönəldəcək.
Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest” şirkəti olub.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və aktivlərinin həcminə görə aparıcı bankların ilk onluğunda yer alır. Nizamnamə kapitalı 270 milyon 106,909 min manatdır. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır.*
R.Əhmədov