Vaşinqton Bakı və İrəvan arasında birbaşa dialoqu dəstəkləyir və tərəfləri əldə edilən impulsu 2023-cü ildə də saxlamağa çağırır. Bunu ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker videomüraciətində deyib.
“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu dəstəkləyir və əldə olunan impulsun yeni ildə də saxlanılmasına çağırır”, - deyə o bildirib.
Rikerin sözlərinə görə, sülh prosesinin asan olmadığı ABŞ-a məlumdur. “Lakin inanıram ki, dinc gələcək üçün ümid var”, - deyə baş müşavir vurğulayıb.
O əlavə edib ki, hazırda gələcəyə baxan və davamlı sülh əldə etmək istəyən hər iki ölkə tərəfindən real və cəsarətli addımlar müşahidə edir.
“Real proqres əldə olunub (...). Mən sülhün əldə olunması üçün nümayiş etdirilən cəsarəti və qətiyyəti alqışlayıram”, - deyə Riker bildirib.
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri 28-29 noyabr tarixlərində Bakıda səfərdə olub. O, Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparıb. Danışıqların əsas mövzusu Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması ilə bağlı olub.*
R.Kərimov