Vaşinqton Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinə dərindən cəlb olunub və iki ölkə arasında sülh müqaviləsinin imzalanmasında son dərəcədə maraqlıdır. Bu barədə ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter bəyan edib.
“Birləşmiş Ştatlar bu prosesə aktiv şəkildə cəlb olunub, deməliyəm ki, bu prosesə çox dərindən cəlb olunub, sülh müqaviləsinin imzalanmasında son dərəcədə maraqlıdır, biz xarici işlər nazirlərini və liderləri (Azərbaycan və Ermənistanın – İF- Az) görüşdürmək üçün üsullar axtarmağa davam edəcəyik”, - “İnterfaks-Azərbaycan” Karpenterin sözlərindən sitat gətirir.
Diplomat əlavə edib ki, ABŞ “sadə” məqsəd güdür: sərhəd mümkün qədər tez zamanda delimiytasiya edilsin, sülh müqaviləsi razılaşdırılsın, regiona sülh və sabitlik qayıtsın və həmin regionda yaşayan bütün insanların hüquqları və təhlükəsizliyinə riayət olunsun.
Karpenterin sözlərinə görə, bunun üçün “bir qədər zaman” lazım olacaq və ABŞ bu hədəfə nail olmaq üçün mümkün olan hər şey edəcək. **
R.Kərimov