1 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında (BFB) “MJ Financial Services BOKT” QSC-nin 750 min manat həcmində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib.
Emissiya hər birinin nominal dəyəri 1000 manat olan 750 ədəd istiqraza bölünüb. Tədavül müddəti 18 ay, illik faiz dərəcəsi 13,5%-dir (kupon faizləri hər 90 gündən bir ödəniləcək).
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC olub.
“MJ Financial Services” 2019-cu ilin avqust ayında fəaliyyət üçün lisenziya alıb. Nizamnamə kapitalı 300,01 min manata bərabərdir, səhmdarları iki fiziki şəxsdir. 2021-ci ilin sonuna BOKT-un aktivləri 10,3 milyon manat məbləğində qiymətləndirilir. BOKT 2019-cu ildən bugünədək ümumilikdə 21,65 milyon manat məbləğində kredit verib.*
X.Nəsirzadə