Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi və Qarabağın statusu ilə bağlı sualları cavablandırıb.
“Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Soçiyə gələndə (oktyabrın 31-də - İF) Praqadan həmin sənədi gətirmişdilər, hansı ki, orada onların sülh müqaviləsini BMT Nizamnaməsini və Alma-Ata Bəyannaməsini rəhbər tutaraq imzalamaq istədikləri qeyd olunub. MDB-nin yaradılması ilə bağlı Alma-Ata Bəyannaməsində dəqiq yazılıb ki, yeni dövlətlər arasındakı sərhədlər keçmiş SSRİ-nin ittifaq respublikaları arasındakı inzibati sərhədlərə əsaslanacaq, həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) birmənalı olaraq Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olub. Bu, həm Azərbaycan, həm Ermənistan, həm Fransa, həm də cənab Mişel tərəfindən qeyd-şərtsiz təsdiq olunub. Bu, Qarabağın statusuna necə yanaşmaq problemini həll edir. Ona görə də bu razılaşmanı imzalayaraq bizim erməni həmkarlarımız deyirlər ki, qoy Rusiya Qarabağın statusu ilə bağlı öz təklifini təsdiq eləsin. Başa düşürsünüz ki, bu, bir az danışıqların aparılması operasından yox, başqa operadandır”, - deyə Lavrov qeyd edib.
Onun sözlərinə görə, fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn ediblər, Rusiyanın burada heç bir günahı yoxdur.
“Ermənistan rəhbərliyi son vaxtlar statusdan yox, Qarabağdakı ermənilərin hüquqlarının təmin edilməsi barədə danışır. Azərbaycan tərəfi bunu müzakirə etməyə və ölkənin digər vətəndaşlarının sahib olduğu hüquqların eynisini Qarabağdakı ermənilərə şamil etməyə hazırdır”, - deyə nazir bildirib.
O əlavə edib ki, Rusiya Federasiyası sərhədin delimitasiyasında və sülh müqaviləsinin razılaşdırılmasında Ermənistan və Azərbaycana kömək edəcək.*
Xəbərlər şöbəsi