“SAP Azərbaycan” Anar Əliyevin idarəedici direktor vəzifəsinə təyin olunduğunu elan edib.
A.Əliyev bu postda 7,5 ay çalışmış Svetlana Yankinanı əvəz edəcək.
“Yeni vəzifədə A.Əliyev biznesin, tərəfdaşlıq ekosisteminin inkişafına və şirkətin ölkədəki fəaliyyətinin yaxşılaşdırılmasına cavabdeh olacaq. O, karyerasını şirkətdən kənarda davam etdirəcək Svetlana Yankinanı əvəz edəcək”, - deyə şirkətdən “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər.
A.Əliyev 16 ildən artıqdır ki, İT üzrə satış seqmentində, o cümlədən rəhbər vəzifələrdə çalışır. O, SAP-da fəaliyyətə 2017-ci ilin avqust ayında orta və kiçik biznes seqmentində satış üzrə baş menecer kimi başlayıb. İşlədiyi müddət ərzində Azərbaycanda bir çox əsas sövdələşmələrin bağlanmasına cavabdeh olub, müxtəlif sənaye sahələrindən yeni müştərilər və tərəfdaşlar cəlb edib.
“SAP uzun illərdir həm Azərbaycanın kommersiya şirkətləri, həm də dövlət sektoru üçün innovasiyalar üzrə etibarlı tərəfdaşdır. Biz ölkədə biznesə sərmayə qoymağa, tərəfdaşlıq ekosistemini inkişaf etdirməyə davam edirik. Əminəm ki, Anar yeni vəzifədə qabaqcıl rəqəmsal həllərin köməyi ilə Azərbaycanda biznes və iqtisadiyyatı uğurla inkişaf etdirməyə davam edəcək”, - deyə “Multi-country clusterSAP CEE”nin idarəedici direktoru Aleksandr Meteçko bildirib.
SAP ilk növbədə, iri korporativ sifarişçilər üçün nəzərdə tutulmuş müxtəlif proqram məhsullarının hazırlanmasını həyata keçirir.*
X.Nəsirzadə