Cari ilin dekabr ayında Pakistanın düyü istehsal edən şirkətlərinin təmsilçiləri Azərbaycana səfər edəcək. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib.
“Biz dekabrın ikinci yarısında Pakistanın düyü istehsal edən şirkətlərinin təmsilçilərinin Azərbaycana səfər edəcəyini gözləyirik”, - deyə o, bu gün Bakıda keçirilən Azərbaycan-Pakistan biznes forumunda çıxışı zamanı bildirib.
Y.Abdullayev qeyd edib ki, gələn ilin fevral-mart aylarında Azərbaycan biznes missiyası Pakistana səfər edəcək. “Bir qrup iş adamının (Azərbaycandan) Pakistana səfərini təşkil etməyi planlaşdırırıq. Səfər gələn ilin fevral-mart aylarında baş tuta bilər”, - deyə AZPROMO-nun rəhbəri əlavə edib.
Bakıda Azərbaycan-Pakistan biznes forumu AZPROMO və “Global Business Aliance”ın (GBA) birgə təşkilatçılığı ilə keçirilib. Forum çərçivəsində “Global Business Aliance” və Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası (PAKAZCHAM) arasında Anlaşma Memorandumu imzalanıb.*
R.Kərimov