Dekabrın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Polşanın Lodz şəhərində keçirilən 29-cu iclası çərçivəsində Niderland Krallığının baş nazirinin müavini, xarici işlər naziri Vopke Hoekstra ilə görüşüb.
“Görüşdə Azərbaycan və Niderland arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən cari regional vəziyyət müzakirə olunub. Tərəflər iki ölkə arasında mövcud əlaqələrin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu, siyasi dialoqun davam etdirilməsinin vacibliyini qeyd ediblər”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən mina təhdidi daxil olmaqla davam edən təxribatların sülh quruculuğuna mane olduğunu bildirib.
“Qanunverici orqanlar tərəfindən qərəzli yanaşmaların normallaşma və sülh prosesinə xidmət etmədiyi vurğulanıb”, - deyə məlumatda qeyd olunur.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
X.Nəsirzadə