Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozef Borel ilə görüşüb. Tərəflər ikitərəfli gündəlik və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini müzakirə ediblər.
Azərbaycan XİN-in məlumatında deyilir ki, xüsusilə Bayramov və Borel energetika sahəsində əldə edilmiş razılıqların icrasını müzakirə ediblər.
“Həmçinin, tərəflər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin irəlilədilməsi istiqamətində səylər və Avropa İttifaqının rolu barədə fikir mübadiləsi aparıblar”, - XİN-dən qeyd olunur.
Bayramov Ermənistanın proses çərçivəsində maneələr törətdiyi, liderlər səviyyəsində əldə edilmiş razılıqlar üzrə öhdəliklərdən boyun qaçırdığı, danışıqlar prosesi barədə yanlış təəssürat yaratdığını diqqətə çatdırıb.
Nazir, həmçinin işğaldan azad olunmuş ərazilərdə mövcud mina təhlükəsinə bir daha diqqət yönəldib.
Borel, öz növbəsində Twitter hesablnda yazıb ki, Aİ Bakı ilə İrəvan arasında sülh danışıqlarına köməklik etməyə sadiqdir. “Azərbaycanın xarici işlər naziri ilə regional problemləri müzakirə etdik. Aİ-nin süh danışıqlarına və Cənubi Qafqazda etimadın möhkəmlənməsinə sadiqliyini vurğuladım. Sülh quruculuğu və regional rifah naminə səylərin davam etdirilməsində Azərbaycanla əməkdaşlığa ümid edirəm”, - Borel qeyd edib. **
R.Əhmədov