Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşada ATƏT Nazirlər Şurasının 29-cu iclası çərçivəsində Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager ilə görüşüb.Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Görüş zamanı tərəflər münasibətlərin yüksək səviyyəsi və ikitərəfli görüşlərin müntəzəmliyi barədə razılıqla qeyd ediblər.
“Bayramov Azərbaycanın ölkələrimiz arasında olan münasibətlərə böyük əhəmiyyət verdiyini və bu xüsusda Azərbaycanın Vatikanda ayrıca səfirliyinin fəaliyyətə başlayacağını qeyd edərək, bunun əməkdaşlığın daha da inkişafına xidmət göstərəcəyinə əminliyini ifadə etdi. Qallager Azərbaycanın Vatikanda səfirliyinin açılmasının vacib addım olduğu, əlaqələrin daha da genişlənməsi üçün səylərin artırılmasının zəruriliyini vurğulayıb”, - XİN-in məlumatında deyilir.
Həmçinin, Qallager Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması və sülhün bərpa olunacağına ümid etdiyini bildirib.
Görüşdə, həmçinin Azərbaycanın Vatikanın tarixi yerlərinin bərpasında iştirakı məmnunluqla qeyd edilib və bunun mədəniyyətlərarası dialoqa bir töhfə kimi qiymətləndirildiyi diqqətə çatdırılıb.
Azərbaycan prezidenti İlham Əliyev 17 oktyabr 2022-ci ildə İlqar Muxtarovun Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda (Vatikan) fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. **
X.Nəsirzadə