Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2022-ci ilin noyabr ayında valyuta hərraclarında $410,2 milyon ümumi məbləğdə xarici valyuta satıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
ARDNF cari ilin oktyabr ayında valyuta hərraclarında $321,9 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, noyabr ayında xarici valyuta satışının həcmi oktyabr ayı ilə müqayisədə 27,4% artıb.
“İnterfaks-Azərbaycan” agentliyinin fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, 2022-ci ilin yanvar-noyabr aylarında ARDNF valyuta hərraclarında $4 milyard 589,4 milyon məbləğində xarici valyuta (2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə azalma 19,5% - İF) satıb.
Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir.
Xəbər verildiyi kimi, Azərbaycan Dövlət Neft Fondu 2021-ci ildə valyuta hərraclarında $6 milyard 679 milyon (2020-ci ilin göstəricisi ilə müqayisədə azalma 8,6%) satıb. Ötən il fond tərəfindən hərraclarda xarici valyutanın orta aylıq satış göstəricisi $556,6 milyon təşkil edib.**
A.Əzizov