Azərbaycanın bir qrup mütəxəssisləri faydalı qazıntıların qanunsuz istismarı ilə əlaqədar vəziyyətin monitorinqi məqsədilə Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Qarabağ regionuna göndərilib. Bu barədə şənbə günü Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Nazirlikdən qeyd olunub ki, ETSN-nin sorğusu əsasında Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin həmin ərazilərə göndərilməsi barədə müraciət edib.
“2022-ci il 3 dekabr tarixində saat 11.00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” QSC-nin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıblar.
Hazırda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsi sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirə olunur”, - ETSN-nin məlumatında deyilir. **
R.Kərimov