OPEC+ razılaşması çərçivəsində gündəlik neft hasilatı üzrə Azərbaycanın kvotası 684 min barel səviyyəsində qalır. Bu barədə bazar günü Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.
“Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 34-cü iclasında 2022-ci ilin oktyabrında qəbul edilmiş qərarın qüvvədə saxlanılmasına Azərbaycan da razılıq verib. Bu qərara əsasən, gündəlik xam neft hasilatı üzrə Azərbaycanın kvotası 684 min barrel həcmində olmaqla dəyişməz qalır”, - nazirlikdən qeyd olunub.
Əlavə edilib ki, “OPEC plus” ölkələri nazirlərinin növbəti görüşü 2023-cü ilin 4 iyun tarixində keçiriləcək.
Xəbər verildiyi kimi, bazar günü OPEC+ ölkələrinin nazirləri neft hasilatı üzrə kvotanın saxlanılmasına qərar veriblər. **
R.Kərimov