Bakı Ağır Cinayətlər Məhkəməsində “Kat Holdinq” MMC-nin təsisçisi və faktiki rəhbəri Ələkbərov Elçin Bəşir oğlunun və həmin Cəmiyyətin direktoru İbadov Mail Məcid oğlunun cinayət işinə baxılır.
Baş Prokurorluğun yaydığı məlumata görə, Elçin Ələkbərova qarşı Cinayət Məcəlləsinin 178.4, 179.4, 32.4, 312.1, 313 və 308.2-ci maddələri, Mail İbadova qarşı 179.4 və 308.2-ci maddələri ilə ittihamlar irəli sürülüb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs Elçin Ələkbərov Litva Respublikası vətəndaşı Povilas Pociusa məxsus 3.520.763 manat (2.070.745 ABŞ dolları) məbləğində pul vəsaitlərinin ələ keçirilərək dələduzluq edilməsi, habelə təqsirləndirilən şəxslər tərəfindən «Kat Holdinq» MMC-yə məxsus olmaqla onlara etibar edilmiş ümumilikdə 34 şəxs tərəfindən mənzil satışına görə ödənilmiş cəmi 1.900.128,68 manat məbləğində pul vəsaitinin 1.569.404,68 manatının mənimsənilməsi və digər cinayət əməllərində təqsirli bilinir.
Qeyd olunan cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin vəzifəli şəxslərinin həmin cinayət əməllərinin törədilməsində iştirakı, eləcə də Agentliyə məxsus pul vəsaiti və ya əmlakın ələ keçirilməsi halları müəyyən edilməyib.*
R.Əhmədov