Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hesab edir ki, Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu bu ilin sonuna qədər baş tuta bilər.
“Azərbaycan Respublikası həmişə Azərbaycan-Ermənistan münasibətlərinin beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında normallaşdırılmasının tərəfdarı olub. Biz hesab edirik ki, BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsi irəli getmək üçün yaxşı əsasdır”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, məhz bundan irəli gələrək Azərbaycan beş baza prinsipi əsasında sülh müqaviləsi layihəsini hazırlayaraq Ermənistan tərəfinə təqdim edib.
“Bundan sonra iki raund (danışıqların) keçirilib. Azərbaycan tərəfinin üçüncü cavab paketi artıq Ermənistan tərəfinə təqdim edilib və biz hesab edirik ki, bu ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu keçirilə bilər”, - deyə C.Bayramov əlavə edib.*
N.Abbasova