Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 5-də Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb.
“Z.Həsənov Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf etdiyini qeyd edib və bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.
Görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakı şəhəri, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən "Qardaş yumruğu" birgə təliminin mühüm əhəmiyyətə malik olduğu xüsusi vurğulanıb.
“Qarşılıqlı maraq doğuran mövzulara dair aparılan fikir mübadiləsi zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik məsələləri də müzakirə edilib”, - deyə məlumatda bildirilir.*
N.Abbasova