2021-ci ildə SOCAR üzrə 1 ton neftin istehsal maya dəyəri 115,52 manat təşkil edib və 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8% azalıb. Bu göstəricilər şirkətin 2021-ci il üzrə hesabatında öz əksini tapıb. Hesabat SOCAR-ın saytında dərc olunub.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 4,2%, əmək haqqı 15,4%, sosial sığorta fonduna ayırmalar 3,6%, amortizasiya ayırmaları 20,1%, əsas vəsaitlərin təmiri 8,3%, əsas vəsaitlərə texniki xidmət 4,9%, nəqliyyat xərcləri 10,5% təşkil edir.
2021-ci ildə şirkət üzrə 1 ton neftin (mədən vergisiz) istehsal maya dəyəri 104,55 manat (2020-ci illə müqayisədə azalma 2,8%) təşkil edib.
Ötən il SOCAR üzrə 7 milyon 889,9 min ton neft hasil olunub. “Azneft” İB-nin payı 6 milyon 596,3 min ton, quru yataqların işlənməsini həyata keçirən əməliyyat şirkətləri və müştərək müəssisələrin payı 1 milyon 293,6 min ton olub.
1 yanvar 2022-ci il tarixinə Azərbaycan Respublikası ərazisində 81 neft-qaz yatağı aşkar edilib. Hazırda 58 yataqdan karbohidrogen hasil edilir, 23 yataq isə bu və ya digər səbəbdən işlənməyə cəlb olunmayıb və yaxud işlənməsi dayandırılıb. İşlənmədə olan 39 yataq Azərbaycanın quru, 19 yataq isə dəniz ərazisində yerləşir.
1 yanvar 2022-ci il tarixinə respublikanın neft sənayesinə 100,3 milyard ABŞ dollarından artıq xarici sərmayə qoyulub.
01.01.2022-ci il tarixinə respublika üzrə istismarda olmuş yataqlardan işlənmənin əvvəlindən 2150,2 milyon ton neft-kondensat və 945,4 milyard m3 qaz hasil olunub.*
N.Abbasova