Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və digər rəsmilər dekabrın 6-da "Qardaş yumruğu" təlimini izləmək üçün təlim poliqonuna gəliblər.
“Z.Həsənov və H.Akar Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimdə icra olunan tapşırıqları xüsusi quraşdırılmış monitorlar vasitəsilə canlı izləyiblər”, - deyə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Məruzə edilib ki, ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə qarşılıqlı əlaqədə müxtəlif təlim döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirirlər.
Keçirilən birgə təlimi yüksək qiymətləndirən müdafiə nazirləri təlimin daha da keyfiyyətli təşkili və şəxsi heyətin peşəkarlıq qabiliyyətinin artırılması ilə bağlı müvafiq tövsiyələrini veriblər.*
X.Nəsirzadə