Bakı və Ankaraya qarşı təhdid və təxribatlar hər iki ölkəyə yönəlmiş kimi qəbul ediləcək. Türkiyə mətbuatı xəbər verir ki, bunu bu ölkənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Türkiyə və Azərbaycana qarşı təhdid və təxribatlar haradan, kimdən gəlməsindən asılı olmayaraq, hər iki dövlətə yönəlmiş kimi qəbul ediləcək. Dostumuzu birlikdə dost görür, düşmənimizi yenə birlikdə düşmən bilirik. Buna heç kimin şübhəsi olmasın”, - deyə o, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin “Qardaş yumruğu” təlimində iştirak edən şəxsi heyətinə müraciətində bildirib.
H.Akar dünyada və bölgədə qeyri-müəyyənlik, risk, təhdid və təhlükələrin artdığı kritik dönəmin hökm sürdüyünə diqqət çəkib.
“Bu həssas dövrdə ölkələrimizin və xalqlarımızın təhlükəsizliyinin təmin edilməsi ancaq və ancaq effektiv və etibarlı bir orduya sahib olmaqla mümkündür. Güclü bir ordu üçün müasir silah və ləvazimatlarla yanaşı, bu imkanlardan istifadə edə biləcək yaxşı hazırlanmış kadrlar da lazımdır”, - deyə o vurğulayıb.*
N.Abbasova