İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) “Bakı Ayaqqabı Fabriki” ASC-nin dövlətə məxsus səhmlərinin (85%) və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə elan etdiyi investisiya müsabiqəsinin qalibi “Pepi-Əli Kəndli Təsərrüfatı” MMC olub.
ƏMDX-dən verilən məlumata görə, müsabiqə qalibi ilə imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, investor dövlət büdcəsinə 3,5 milyon manat məbləğində vəsaitin köçürülməsini, 2,5 il ərzində müəssisədə 5,5 milyon manatlıq İnvestisiya Proqramının icrasına dair öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.
İnvestisiya Proqramı çərçivəsində müasir avadanlıqların alınması, tikililərin təmiri və yenidənqurulması, müəssisənin xammal bazasının artırılması, infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur.
İnvestisiya Proqramının icrası nəticəsində 110 yeni iş yerinin yaradılması planlaşdırılır.
“Bakı Ayaqqabı Fabriki” 1971-ci ildə istismara verilib. Cəmiyyətin nizamnamə kapitalı 7 milyon 851,794 min manata bərabərdir. Müəssisədə 142 nəfər çalışıb.*
B.Rüstəmbəyov