Belarus şirkətləri Qarabağ və Şərqi Zəngəzurda layihələrin həyata keçirilməsi üçün öz məhsullarının tədarükünə başlayıb. Bunu Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov “Novoye Vremya” qəzetinə müsahibəsində deyib.
“Belarus Azərbaycanın azad olunmuş ərazilərində infrastrukturun bərpası və inkişafında fəal iştirakda maraqlıdır. Artıq Qarabağın ehtiyacları üçün Belarus mallarının (texnika, tikinti materialları, transformatorlar, naqillər, kabellər və digər elektrotexniki məhsullar, eləcə də ərzaq məhsulları) tədarükü həyata keçirilir və tədarükün daha da artması perspektivləri mövcuddur”, - deyə o bildirib.
Səfirin sözlərinə görə, Belarus ilin əvvəlindən Azərbaycandan pomidor idxalını 3 dəfə artırıb.
Ravkov, həmçinin ikitərəfli ticarət dövriyyəsinin artdığını da qeyd edib. “İqtisadi sahə hər zaman tərəfdaşlığımızın önündə olub və elə də qalmaqdadır, çünki bu, hər iki tərəf üçün real, nəzərəçarpacaq və qarşılıqlı fayda kəsb edən nəticələr verir. Bunun praktiki təsdiqi ticarətin davamlı artımıdır ki, biz təkcə ötən il onu demək olar ki, 1 milyard dollara çatdırmışıq”, - deyə o bildirib.*
X.Nəsirzadə