2022-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) ilə yük daşımalarından Azərbaycanın gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 33,2% - 539 milyon 624,7 min manatadək ($317,4 milyon) artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycanın bu nəqliyyat dəhlizi ilə yük daşımalarından gəlirləri 54% artaraq 230 milyon 63,5 min manat ($135,5 milyon) təşkil edib.
Yanvar-sentyabr aylarında Avrasiya nəqliyyat dəhlizi ilə sərnişin daşımalarından Azərbaycanın gəlirləri 41% artaraq 31 milyon 610,5 min manat ($18,6 milyon) təşkil edib.
2022-ci ilin yanvar-sentyabr aylarında TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 37 milyon 829,6 min ton təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,4% çoxdur. Hesabat dövründə dəhliz vasitəsilə daşınmış yüklərin 10 milyon 352,5 min tonu (artım 55,6%) tranzit yüklərin payına düşüb. TRACECA-nın Azərbaycan hissəsində 78 milyon 647,1 min sərnişin (artım 53%) daşınıb.
2022-ci ilin 9 ayı ərzində Bakı-Tbilisi-Qars dəmir yolu ilə 346,1 min ton yük (azalma 7,8%), o cümlədən 299,6 min ton tranzit yük (azalma 13%) daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova