Azərbaycanda alternativ enerji, nəqliyyat və rəqəmsal inkişaf sahələrinə sərmayə qoyuluşu Avropa İttifaqı (Aİ) üçün prioritetdir. Bunu Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunda Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktor Lourens Meredit deyib.
“Bölgələrdə iqtisadi inkişaf, orta və kiçik sahibkarlıq, alternativ enerji, nəqliyyat və rəqəmsal inkişaf sahələrinə sərmayə qoyuluşu Aİ üçün prioritetdir”, - deyə o, dekabrın 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşdə bildirib.
L.Meredit mina təhlükəsinin aradan qaldırılması üçün əməkdaşlıq və həmrəyliyin vacibliyini qeyd edib.
Öz növbəsində, C.Bayramov Aİ ilə əsas əməkdaşlıq istiqamətlərindən biri olan enerji təhlükəsizliyi sahəsindən bəhs edərək, bu sahədə Azərbaycan ilə Avropa İttifaqı arasında 2022-ci il iyulun 18-də Anlaşma Memorandumunun imzalanmasının Aİ-yə qaz ixracının artırılması ilə yanaşı, alternativ enerji mənbələrinin inkişafı məqsədilə əməkdaşlıq baxımından vacibliyini vurğulayıb.
O, nəqliyyat dəhlizləri sahəsində səylərin artırılması istiqamətində fəaliyyətin nəticəsi kimi Azərbaycandan keçən yüklərin həcmində artımın müşahidə edilməsinin müsbət hal olduğunu bildirib.
Görüşdə Azərbaycan və Aİ arasında mövcud əməkdaşlıq gündəliyi, həmçinin regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XİN başçısı Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməməsinin regionda sülh, təhlükəsizlik və inkişafa əsas təhdid olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.*
B.Rüstəmbəyov