2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın dəniz limanlarında yükləmə-boşaltma işlərinin həcmi 32,6% - 9 milyon 717,5 min tona qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yüklərin ümumi həcmindən 8 milyon 996,4 min ton və ya 92,3% beynəlxalq tranzit yüklərin, 7,7% yerli yüklərin payına düşüb. Tranzit yüklərin həcmi 2021-ci ilin yanvar-oktyabr aylarının göstəricisi ilə müqayisədə 28,3% artıb.
2022-ci il noyabrın 1-nə Azərbaycanın limanlarında 335 min ton yük qalıb.
2021-ci ildə dəniz limanlarında 8 milyon 876,1 min ton həcmində yükləmə-boşaltma işləri (artım 1,1%) həyata keçirilib, bunun 8 milyon 411,8 min tonu və ya 94,8%-i beynəlxalq tranzit yüklərin, 5,2%-i yerli yüklərin payına düşüb. Tranzit yüklərin həcmi 2020-ci illə müqayisədə 2,8% artıb.
Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Liman Dübəndi və Səngəçalda iri neft terminallarına malikdir. Bundan başqa, 2014-cü ildə Ələt qəsəbəsində tikilən yeni Bakı Beynəlxalq Dəniz Limanı ərazisində bərə terminalı, 2018-ci ilin yanvar ayında isə Ro-Ro terminalı istifadəyə verilib.*
N.Abbasova