2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 1,5 milyon nəfərə yaxın turist gəlib. Bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev deyib.
“Əminliklə deyə bilərik ki, artıq bərpa (pandemiyadan sonra turizm sektorunun – İF) dövrü başlayıb. Bunu rəqəmlər də təsdiq edir. 11 ay ərzində ölkəmizə 1 milyon 458 mindən çox turist gəlib. Bu da ötən illə müqayisədə 2,1 dəfə artım deməkdir”, - deyə o, bu gün “Azərbaycan Turizm Sammiti”ndə bildirib.
Sədrin sözlərinə görə, Türkiyə, Səudiyyə Ərəbistanı və Hindistandan turist axını 90%-dən çoxdur. Belarus, Pakistan, İordaniya üzrə göstəricilər 2019-cu ilin nəticələrini üstələyib.
“Hədəfimiz 2019-cu ilin göstəricilərini bərpa etməkdir. İndiki şəraitdə proqnozumuz ilin əvvəlindən özünü doğruldub və sektor 50% bərpa olunub”, - deyə F.Nağıyev vurğulayıb.
2019-cu ildə Azərbaycana rekord sayda - 3 milyon 170,4 min turist gəlib. Pandemiyadan əvvəl DTA yaxın illərdə ölkəyə gələn turistlərin sayının 5 milyona çatacağını planlaşdırmışdı.*
X.Nəsirzadə