Rusiya Federasiyasının baş prokuroru İqor Krasnov azərbaycanlı həmkarı Kamran Əliyevlə görüşdə bildirib ki, RF Baş Prokurorluğu MDB məkanında antikorrupsiya əməkdaşlığını genişləndirəcək. Bu barədə Rusiya Baş Prokurorluğunun görüşdən sonra yaydığı məlumatda deyilir.
Görüşdə Krasnov qeyd edib ki, iki ölkənin prokurorluq orqanları Rusiya və Azərbaycan prezidentlərinin regional təhlükəsizliyə təhdidlərin qarşısının alınması və aradan qaldırılması ilə bağlı razılaşmalarının həyata keçirilməsində fəal iştirak edir, Rusiya və Azərbaycan arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayır.
Rusiyanın baş prokuroru bildirib ki, onun təşəbbüsü ilə RF hökuməti Rusiya Prokurorluğu Universitetində xarici həmkarlar üçün ixtisasartırma kvotasını genişləndirib, eləcə də ilk dəfə xarici tələbələrin - gələcək prokurorların 5 illik güzəştli təhsili üçün yerlər ayrılıb.
O, gələn ildən etibarən Azərbaycandan abituriyentlərin qəbulunun mümkünlüyündən danışıb.
“Şübhəsiz ki, kadr hazırlığı və ixtisasartırma zamanı ən yaxşı təcrübələrin mübadiləsi birgə işimizin mühüm tərkib hissəsidir və ümid edirəm ki, ötən həftə Bakıda baş tutmuş maarifləndirici tədbirlərin davamlı olaraq keçirilməsi xoş ənənəyə çevriləcək”, - deyə Krasnov bildirib.*
R.Əhmədov