2026-cı ildə Azərbaycana gələn xarici turistlərin sayının 4 milyon nəfərə çatdırılması planlaşdırılır. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu gün “Azərbaycan Turizm Sammiti”ndə çıxışı zamanı deyib.
“Hədəfimiz 2026-cı ildə Azərbaycana gələn xarici turistlərin sayını 4 milyona, yerli turistlərin sayını isə 6 milyona çatdırmaqdır. 2026-cı ildə turizmə xərclənən vəsait 2021-ci illə müqayisədə 4 dəfə artaraq 11,2 milyard manata çatacaq. Bunun 49%-i və ya 5,5 milyard manatı xarici turistlərin payına düşəcək”, - deyə o bildirib.
Sədrin sözlərinə görə, 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalı 2019-cu illə müqayisədə 1,5 dəfə artacaq, turizm sektorunda hər il orta hesabla 20% artım qeydə alınacaq.
“Yaxın 4 il üçün turizmin hərtərəfli inkişafına yönəlmiş 10 əsas istiqamət üzrə hədəflər müəyyən edilib. Əsas məqsəd Azərbaycanı dayanıqlı və əlçatan turizm istiqamətinə çevirməkdir”, - deyə F.Nağıyev vurğulayıb.
2019-cu ildə Azərbaycana rekord sayda - 3 milyon 170,4 min turist gəlib. COVID-19 pandemiyası ilə əlaqədar 2020-2021-ci illərdə ölkəyə turist axını azalıb. 2022-ci ilin 11 ayı ərzində Azərbaycana 1,5 milyon nəfərə yaxın turist gəlib ki, bu da 2021-ci ilin yanvar-noyabr aylarının göstəricisindən 2,1 dəfə çoxdur.*
X.Nəsirzadə