2022-ci ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC yük və sərnişin daşımalarından 286 milyon 366 min manat (cari məzənnə ilə $168,45 milyondan çox - İF) gəlir əldə edib ki, bu da 2021-ci ilin 9 ayının göstəricisindən 37,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Gəlirlərin strukturunda 283 milyon 250,6 min manat yükdaşımaların (artım 36,6%), o cümlədən 242 milyon 572,1 min manat (artım 34,7%) beynəlxalq yükdaşımaların, 117 milyon 467,1 min manat (artım 94,9%) tranzit yükdaşımaların payına düşüb. Daxili istiqamətlər üzrə yükdaşımalardan 40 milyon 678,5 min manat gəlir (artım 49,5%) əldə edilib.
Azərbaycanın dəmir yolları ilə sərnişin daşımalarından 3 milyon 115,4 min manat məbləğində gəlir (artım 2,8 dəfə) əldə edilib və bütün həcm daxili istiqamətlər üzrə daşımaların payına düşüb.
Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-sentyabr aylarında dəmir yolları ilə 13 milyon 586,1 min ton yük (artım 23,9%) və 3 milyon 377,5 min nəfər sərnişin (artım 91,5%) daşınıb.
Hesabat dövründə tranzit yük daşımalarının həcmi 5 milyon 704 min ton (artım 65,5%) təşkil edib.*
N.Abbasova