Türkmənistan və Azərbaycan enerji daşıyıcılarının beynəlxalq bazarlara, xüsusilə Avropa istiqamətində şaxələndirilmiş tədarük sxeminin tərəfdarıdır. Bunu Türkmənistan Parlamentinin Yuxarı Palatasının sədri Qurbanqulu Berdiməhəmmədov deyib.
“İki dövlət, həmçinin enerji sahəsində də əməkdaşlıq üçün böyük potensiala malikdir. Burada tərəflərin yanaşmaları eynidir: Türkmənistan və Azərbaycan enerji daşıyıcılarının beynəlxalq bazarlara, xüsusilə Avropa istiqamətində şaxələndirilmiş tədarük sxeminin tərəfdarıdır”, - deyə o, azərbaycanlı həmkarı Sahibə Qafarova ilə danışıqlar zamanı bildirib.
“2021-ci ilin yanvar ayında Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması sözün əsl mənasında əlamətdar hadisə oldu. Bu fakt dövlətlərarası enerji əməkdaşlığında prinsip etibarilə yeni mərhələyə dəlalət edir”, - deyə Q.Berdiməhəmmədov qeyd edib.
S.Qafarovanın Aşqabada səfəri dekabrın 14-də “Avaza” milli turizm zonasında keçiriləcək Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli sammiti ərəfəsində həyata keçirilir.
2021-ci il yanvarın 21-də Azərbaycan ilə Türkmənistan arasında Xəzərdə “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı və işlənilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Hazırda müvafiq hökumətlərarası sazişin hazırlanması üzrə işçi qrupları səviyyəsində ikitərəfli məsləhətləşmələr davam etdirilir.
Yatağın neft ehtiyatları 50 milyon ton həcmində qiymətləndirilir. “LUKOIL” şirkəti layihəyə maraq göstərib.*