Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycanın Albaniyada səfirliyinin açılması ikitərəfli gündəlikdə daha da səmərəli olmağa imkan yaradacaq.
“Razılığa gəldiyimiz kimi, biz fəal dialoqu davam etdirəcəyik. Sizin səfəriniz artıq razılaşdırılmış məsələlərin gedişatını izləmək xarakteri daşıyır. Hər iki tərəfdən bütün tapşırıqlar verilib. Heyətlərimiz fəal şəkildə işləyirlər”, - deyə dövlət başçısı dekabrın 8-də Albaniya Respublikasının baş naziri Edi Rama ilə təkbətək görüşdə bildirib.
O, Tiranaya rəsmi səfərinin nəticələrini yüksək qiymətləndirib. “Mənim rəsmi səfərimin nəticələri olduqca müsbətdir. Bizim əlaqələrimiz güclənir və yeni imkanlar yaranır. Sizə məlumat verdiyim kimi, biz Tiranada səfirlik açırıq və bu da əməkdaşlığımızın vacib bir əlamətidir. Praktiki nöqteyi-nəzərdən bu, bizə ölkənizdə gedən proseslərlə daha yaxından tanış olmaq imkanı verəcək. Eyni zamanda, bu, bizə ikitərəfli gündəliyimizdə daha da səmərəli olmağa imkan yaradacaq”, - deyə İ.Əliyev vurğulayıb.*
B.Rüstəmbəyov