Albaniyanın baş naziri Edi Rama Bakıya işgüzar səfəri çərçivəsində dekabrın 8-də Azərbaycan hökuməti ilə siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə edib.
Albaniya nümayəndə heyətinə baş nazirin müavini Belinda Balluka və turizm naziri Mirela Kumbaro da daxil idi.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, Balluka özünün “Facebook” səhifəsində qeyd edib ki, Bakıda aparılan danışıqlarda birinci mərhələdə həyata keçiriləcək 3 əsas məsələ müzakirə olunub: iki ölkənin Tirana və Bakıda səfirliklərinin açılması; Albaniyanın qazlaşdırılması layihəsi; yanacaq-energetika sahəsi üzrə layihələrdən birində (Vloradakı istilik elektrik stansiyasının mayeləşdirilmiş təbii qaz terminalına çevrilməsi layihəsi - İF) SOCAR-ın iştirakı.
“Hər iki tərəf digər iqtisadi və diplomatik məsələləri də maraqla qarşılayıb. Bu gün Albaniya ilə Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir və genişlənəcək”, - deyə Balluka yazıb.*
A.Əzizov