Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2023-cü il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, DSMF-nin 2023-cü il üçün kəsirsiz büdcəsinin gəlir və xərcləri 6 milyard 263,97 milyon manat təşkil edəcək ki, bu da 2022-ci ilin göstəricisindən 11,7% çoxdur.
2023-cü ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşacaq: məcburi dövlət sosial sığorta haqları - 4 milyard 783,6 milyon manat (artım 4,2%), DSMF-nin büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait - 1 milyard 467,8 milyon manat (artım 19,1%), sair gəlirlər - 12,6 milyon manat (artım 5%).
4 milyard 783,6 milyon manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının 1 milyard 781.1 milyon manatı büdcədən maliyyələşən təşkilatlar, 3 milyard manatı qeyri-büdcə sektoru, 60 milyon manatı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə formalaşacaq.
2023-cü ildə əhaliyə ödənişlər üzrə xərclər 6 milyard 77,6 milyon manat təşkil edəcək ki, bu da 2022-ci illə müqayisədə 11,9% çoxdur.
Əmək pensiyalarının ödənilməsi xərcləri 5 milyard 907,2 milyon manat (artım 12,4%), məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri 170,4 milyon manat (azalma 2,2%) təşkil edəcək.*
B.Rüstəmbəyov