Milli Məclisin bu gün keçirilən plenar iclasında İşsizlikdən sığorta fondunun 2023-cü il üçün kəsirsiz büdcəsi III oxunuşda qəbul edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, İşsizlikdən sığorta fondunun gəlir və xərcləri 212 milyon 668,3 min manat məbləğində təsdiq edilib ki, bu da 2022-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 17,3% çoxdur.
2023-cü ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşacaq: işsizlikdən sığorta üzrə sığorta haqları - 159 milyon 576,1 min manat (fondun gəlirlərinin 75%-i), 2022-ci ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti - 53 milyon 32,2 min manat (24,9%), qeyri-büdcə sektoru üzrə - 144 milyon 708,1 min manat (2022-ci ilin göstəricisi ilə müqayisədə +12,6 milyon manat).
İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçiriləcək: özünüməşğulluq tədbirlərinin təşkili - 87,5 milyon manat (+11,4 milyon manat), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın saxlanılması xərcləri - 44,7 milyon manat, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri - 35 milyon manat, peşə hazırlığı və əlavə təhsilin təşkili - 22 milyon manat, işsizliyə görə sığorta ödənişləri - 11 milyon manat (2021-ci illə müqayisədə 2,2 dəfə və 2022-ci ilin proqnoz göstəricisindən 34,1% çox).
2023-cü ildə əhalinin məşğulluğunun təmin edilməsi üçün məcmu xərclər 133 milyon manat təşkil edəcək.*
B.Rüstəmbəyov