Baş nazir Əli Əsədov bildirib ki, ilkin hesablamalara görə, “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsi üçün dövlət büdcəsindən 32,7 milyard manat vəsait ($19,2 milyard) tələb olunacaq.
“İlkin hesablamalara görə, İnkişaf Strategiyasının icrası məqsədilə ümumilikdə büdcədən 32,7 milyard manat vəsait tələb olunur ki, bunun 19,2 milyard manatı ($11,3 milyard) və ya 58,7%-i işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsinə yönəldiləcək”, - deyə o, Milli Məclisin bu gün keçirilən iclasında 2023-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Baş nazirin sözlərinə görə, 2023-cü ilin dövlət büdcəsində İnkişaf Strategiyası ilə nəzərdə tutulan layihə və tədbirlərin maliyyələşdirilməsi üçün 5,2 milyard manat vəsait nəzərdə tutulub ki, bunun da 3 milyard manatı (2022-ci illə müqayisədə 12,4% çox) işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı layihələrə yönəldiləcək.
“Son iki ildə Qarabağ və Şərqi Zəngəzurda bərpa layihələrinə 5,8 milyard manatdan çox vəsait yönəldilib”, - deyə Ə.Əsədov əlavə edib.
Prezident İlham Əliyev 2022-ci il iyulun 22-də “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı təsdiq edib. Proqrama əsasən, 5 illik dövrdə ölkədə orta illik iqtisadi artım 3-4%, o cümlədən qeyri-neft sektorunda ildə 5%-dək təşkil edəcək.
Prezident İlham Əliyev 2022-ci il noyabrın 16-da “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı təsdiq edib. Proqrama əsasən, Azərbaycan hökuməti 2027-ci ilədək Qarabağ və Şərqi Zəngəzurda 280 min ha ərazinin minalardan təmizlənməsini planlaşdırır. 2020-2022-ci illərdə 57,6 min ha ərazi minalardan təmizlənib.
2027-ci ilədək Qarabağ və Şərqi Zəngəzura köçürüləcək 34,5 min ailə üçün mənzil və fərdi yaşayış evləri inşa olunacaq.
Bu dövrə qədər Qarabağ və Şərqi Zəngəzurda hərbi infrastruktur gücləndiriləcək, enerji, nəqliyyat idman, sosial və digər infrastruktur qurulacaq.*
B.Rüstəmbəyov