Azərbaycanda orta illik inflyasiya 13,8% təşkil edir. Bunu baş nazir Əli Əsədov deyib.
2022-ci il oktyabrın sonuna ölkədə orta illik inflyasiya 13,7% olub.
“Son dövrlərdə müşahidə olunan regional və geosiyasi gərginlik, Rusiya və Ukrayna arasında hərbi münaqişə və bununla əlaqədar tətbiq olunan genişmiqyaslı sanksiyalar, qlobal istehsal-təchizat zəncirində qırılmalar, yüksək enerji qiymətləri, həmçinin daşınma və logistika xərclərinin yüksəlməsi dünya ərzaq qiymətlərinin bahalaşmasına, ərzaq qıtlığına, əksər ölkələrdə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olub”, - deyə o, parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
Baş nazirin sözlərinə görə, Azərbaycanda inflyasiyaya ilk növbədə, idxal olunan ərzaq mallarının bahalaşması təsir göstərir.
“İlin əvvəlindən idxal qiymətlərinin illik artım tempi 22% təşkil edib və nəticədə Azərbaycanda orta illik inflyasiya ikirəqəmli - 13,8% olub”, - deyə Ə.Əsədov qeyd edib.
Azərbaycan hökuməti 2022-ci ildə orta illik inflyasiyanı 12,5% səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.*
A.Əzizov